Öncə türk, yoxsa müsəlman?…


http://www.dayaq.org/index.php?action=static_detail&static_id=57897

Müstəqilliyimizin yaşının iyirmi ilə çatmasına baxmayaraq aramızda hələ də bəzilərindən kimliyini soruşanda milliyətindən qabaq ilk növbədə müsəlman olduqlarını deyirlər. Onlara görə müsəlman olduqlarını düşünmək, sanki, türk olmaqdan çox-çox şərəflidir. Elə bil türk hesab edilərlərsə qınağa tuş gələrlər, özgələrə yarınmaqdan məhrum olunarlar, təklənərlər, alçalarlar…
Bu “məsumlar” anlamırlar ki, insanın başlıca əlaməti onun dini inamı, əqidəsi deyil, milləti sayılır. Ona görə də cahil yox, kamil insan üçün millət inancdan daha irəlidir, əsasdır, önəmlidir. Qanunauyğun haldır ki, bayrağımızda da üç rəngin ən yüksəkdə olanı millətimizi ifadə edir. Kimlərdir islam adı altında dindən istifadə edib bizə kimliyimizi, milliyyətimizi unutdurmaq istəyənlər? Üzdə dost, qardaş deyib, ürəklərində isə sevməyən, bizi idarə etmək, həmişə nəzarəti altında saxlamaq xəyalında olanlar, Azərbaycanımızın güclü, vahid olmasını görmək istəməyənlər…
Dini inancın insan mənəviyyatında, onun həyatında oynadığı rol şübhəsiz möhtəşəmdir. Amma, milliyəti dinlə əvəz etmək mənliksizlikdən başqa bir şey deyildir və ya mənliyin natamamlığıdır. Mənliyi bütöv olmayan insan heç Allahına da gərəkməz. Belələri yalnız  dinlə pərdələnib yadlara, şeytanlara qul olmaq üçün yaranıb.
Dinin əzəmətini anlayıb, ondan öz hakimiyyəti üçün lazımınca istifadə edən Şah İsmayıl Xətayinin böyüklüyü ondadır ki, o, bu azman qüvvə qarşısında kimliyini, mənliyini itirmədi, millətinin dilini, şərəfini ucaltdı. Onun varlığını, qüdrətini düşmənlərimizə sübut etdi.
Bu səbəbdən də əsrlər boyu ərazimizdə yaşamış yüzlərlə şahın içərisindən xalq qəlbində, yaddaşında təkcə Şah İsmayılın adını, xatirəsini əbədiləşdirib yaşadır. Qalanlarının adları isə axtarılarsa tarix kitablarından savayı bir yerdə tapılmaz.
Nəhayət, hamımızın bildiyi və həmişə dərin minnətdarlıqla andığı tarixi bir faktı xatırlatmaq istəyirəm. Ötən yüz illiyin on səkkizinci ilində kəndbəkənd, şəhərbəşəhər kafir düşmənlər xalqımızı qırıb çatanda mövcudluğumuz, azadlığımız uğrunda  hər işdə xeyir güdən “dost müsəlman qardaşlarımız”  yox, qanı qanımızdan olan Anadolu türkləri canlarından keçib şəhid oldular. Onların göstərdiyi fədakarlıq milli hissin qalan bütün hisslərdən, inam və əqidələrdən üstünlüyünün unudulmaz mübariz nümunəsidir.
 Əgər bir insanın milliyətinə qarşı diqqəti yoxdursa, demək o insan öz valideyninə sevgi nədir, heç hörmət də bəsləmir. Valideynin saymayan insanı yəqin ki, Allah da sevməz. Bəlkə də kim bilir elə bu səbəbdən, içərimizdə olan bu sayaq adamların çoxluğundandır ki, yüz illərdir basqıya vərdiş başımız daim bəlalar çəkir, torpaqlarımız da yadlara paylanır…
Allah millətimizi içimizdəki belə yarıtmazlıqdan, mənliksizlikdən, milliyətsizlikdən qorusun…

Şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.